Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində seminar-təlim keçirmişdir
28 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti maarifləndirici seminar-təlim təşkil etmişdir. Tədbir Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış müvafiq Anlaşma Memorandumuna uyğun olaraq keçirilmişdir.
Seminarın açılışında çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu Audiovizual Şura tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür təlimlərin tələbələr üçün yüksək səmərəliliyini və müsbət nəticələrini xüsusi vurğulamışdır.
Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev qurumun fəaliyyət istiqamətləri, xüsusilə uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən sözügedən sahədə audiovizual media subyektlərinin maarifləndirilməsi barədə tələbələrə ətraflı məlumat vermişdir.
Tədbirin növbəti hissəsində Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Audiovizual mediada uşaq hüquqları" mövzusunda geniş təqdimatla çıxış edib. O, tələbələrə tətbiq edilən qanunvericilik normaları, tənzimləmə mexanizmləri, hüquqi aspektlər, habelə qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyət və öhdəlikləri haqqında ətraflı məlumat çatdırmışdır.
İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması, real nümunələrin izahı və geniş müzakirəsi ilə yekunlaşmışdır.