Azərbaycan nümayəndə heyətinin Rumıniya Deputatlar Palatasında görüşü keçirilmişdir
Azərbaycan nümayəndə heyəti Rumıniya Parlamentinin Deputatlar Palatasında mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri üzrə komissiyanın sədri Corc Mihail Neamtsu ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak etmişlər.
Görüşdə iki ölkə arasında mədəni, humanitar və media əməkdaşlığının genişləndirilməsi, eləcə də ictimai diplomatiya, ailə dəyərlərinin qorunması və informasiya təhlükəsizliyi sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.
Audiovizual Şuranın sədri İsmət Səttarov çıxışında bildirmişdir ki, audiovizual sahədə əməkdaşlıq xalqlar arasında mədəni, mənəvi və ailə dəyərlərinin təbliği üçün mühüm vasitədir. O vurğulamışdır ki, Azərbaycan və Rumıniya bu istiqamətdə televiziya və radio layihələri, sənədli filmlər və maarifləndirici proqramlar vasitəsilə qarşılıqlı əlaqələri daha da dərinləşdirə bilərlər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media və kommunikasiya sahəsində innovativ inkişafın təşviqi, yaradıcı sənayelərin gücləndirilməsi və ailə dəyərlərinin cəmiyyətdə təbliği istiqamətində həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O qeyd etmişdir ki, informasiya təhlükəsizliyinin təmini və daxili media mühitinin müdafiəsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bildirilmişdir ki, rəqəmsal media mühitində saxta xəbərlərə qarşı mübarizə həm milli, həm də beynəlxalq səviyyədə prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycan mediasının beynəlxalq müstəvidə artan nüfuzundan bəhs edərək bildirmişdir ki, Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə də Şuşa, Bakı və Naxçıvan kimi mədəni mərkəzlərin Avropada daha geniş tanıdılması istiqamətində birgə kommunikasiya layihələri əhəmiyyətli rol oynaya bilər.
Mədəniyyət, incəsənət və media üzrə komissiyanın sədri Corc Mihail Neamtsu çıxışında Rumıniya ilə Azərbaycan arasında mədəni və informasiya sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, Rumıniya Parlamenti və Mədəniyyət Komissiyası ailə dəyərlərinin qorunmasına, milli kimliyin və mədəni irsin gələcək nəsillərə ötürülməsinə xüsusi önəm verir. O, Azərbaycanla bu istiqamətdə təcrübə və fikir mübadiləsinin hər iki xalqın mədəni əlaqələrinin inkişafına töhfə verəcəyini qeyd etmişdir.
Görüşdə, həmçinin, Rumıniya Parlamentinin Deputatlar Palatasının Sui-istifadələrin, Korrupsiyanın və Müraciətlərin Araşdırılması üzrə Komitəsinin sədri Laura Gerasim iştirak etmişdir. Laura Gerasim çıxışında rəqəmsal mühitdə qanunsuz fəaliyyətlərin, fırıldaqların, kibercinayətlərin və etik pozuntuların qarşısını almaq istiqamətində Rumıniyada həyata keçirilən tədbirlər barədə məlumat vermiş və qeyd etmişdir ki, bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi və media savadlılığının artırılması Rumıniya cəmiyyətində mühüm prioritetlərdəndir.
Səfir Qüdsi Osmanov görüşün strateji tərəfdaşlıq ruhunda keçdiyini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan və Rumıniya arasında əməkdaşlıq yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-humanitar və mənəvi müstəvidə yeni inkişaf mərhələsinə qədəm qoyur.
Görüşün sonunda Corc Mihail Neamtsu öz müəllifi olduğu "The Trump Phenomenon" adlı kitabı imzalayaraq xatirə hədiyyəsi kimi Azərbaycan nümayəndə heyətinə təqdim etmişdir.