Azərbaycan Respublikası Audiovizual Şurası

3-cü Qlobal Media Forumu keçirilmişdir

 

19-21 iyul 2025-ci il tarixlərində 3-cü Şuşa Qlobal Media Forumu təşkil olunmuşdur. Şuşa Qlobal Media Forumu bu il "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunmuşdur.

Sürətlə dəyişən informasiya mühitində rəqəmsal texnologiyaların mediaya təsiri, süni intellektin xəbər istehsalı və yayımındakı artan rolu, cəmiyyətin düzgün informasiya ilə təmin olunmasında media savadlılığının əhəmiyyətinə dair müzakirələrin aparılması məqsədilə Forumda 52 ölkədən 140 xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak etmişdir.

Forumun ilk günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə iştirakçılar ilə görüşü keçirilmişdir. Dövlət başçısı Forumun iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.

İyulun 20-də Forumun rəsmi açılış mərasimi olmuş, açılışda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək Forumun əhəmiyyəti və məqsədləri barədə geniş məlumat vermişdir.

Daha sonra "İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı" mövzusunda ilk panel sessiya keçirilmişdir.

20 iyul tarixində Türk dünyasında informasiya və media sahəsində həyata keçirilən fəaliyyətlər barədə TDT-nin məsul nümayəndələrinin təqdimatları təşkil olunmuş və Laçın şəhərində "Azərtac 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi" mövzusunda dəyirmi masa keçirilmişdir.

Forum iştirakçıları tədbir proqramı çərçivəsində Ağdam rayonuna, Xocalı və Laçın şəhərlərinə səfər etmişlər.

Forumun sonuncu günündə daha iki panel sessiya - "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" və "Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində" keçirilmişdir.

Forum çərçivəsində, həmçinin, Qarabağın zəngin mədəni irsi və tarixi abidələrinə həsr olunmuş açıq hava sərgisi, "Təyinat: Şuşa, Azərbaycan" sənədli filminin nümayişi baş tutmuş, "Mədəni irs və yeni media" və "Gələcək nəsil auditoriya və medianın tələblərinə uyğunlaşmaq" mövzularında paralel tədbirlər, "Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması" mövzusunda təkbətək görüş təşkil olunmuşdur.

3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın beynəlxalq xəbər və analitika televiziya kanalı "AnewZ" Çin Mərkəzi Televiziyasının xəbər xidməti olan "CCTV+" və Qazaxıstan Respublikası Prezidentinin Televiziya və Radio Kompleksi (PTRK) ilə strateji media tərəfdaşlıqları istiqamətində razılıq əldə olunmuşdur.

Forum çərçivəsində, həmçinin, Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi və "Azərpoçt" MMC tərəfindən birgə hazırlanan poçt markasının təqdimat və möhürlənmə mərasimi keçirilmişdir.

3-cü Şuşa Qlobal Media Forumu məlumatların ictimaiyyətə düzgün, şəffaf və etibarlı şəkildə çatdırılması ilə bağlı innovativ yanaşmaların öyrənilməsinə, günümüzdə qlobal miqyasda təhdid hesab edilən dezinformasiyaya qarşı cəmiyyətin sayıqlığının artırılmasına, informasiya dövriyyəsi prosesində iştirak edən bütün tərəflərin məsuliyyətinə diqqət çəkilməsinə, həqiqəti axtarmağın və qorumağın metodlarının araşdırılmasına, informasiya təhlükəsizliyinin təmininə, media savadlılığının bütün bu proseslərdəki rolu və gücünün araşdırılmasına, sosial media və ictimai etimad məsələlərinə dair müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri üçün müzakirə və birgə hərəkət platforması rolunu oynamışdır.